Mədinədə yerləşən İslamın ilk məscidi Qubanın bərpa işlərinə başlanılıb. Buməqsədlə Səudiyyə Ərəbistanı hökuməti 37 milyon dollar sərf edəcək.
Quba məscidi Hz. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrət etməsindən sonra şəxsən tikintisində iştirak etdiyi və ilk cümə namazının qılındığı məsciddir.
Bu məscid Quba Vəqfi tərəfindən bərpa ediləcək və ətrafı genişləndiriləcəkdir. Mədinə Bələdiyyəsinin Quba Vəqfi ilə birlikdə bərpa və və genişləndirmə fəaliyyətləri çərçivəsində məscidə ənənəvi və mədəni naxışlar salınacaqdır.
Mədinə Əmiri Şahzadə Əbdüləziz bin Məcid bin Əbdüləziz, Quba məscidinin yanında geniş ərazidə park salınacağını da bildirib. Mədinəyə gələn müsəlmanlar bu məscidi ziyarət edir və iki rükət namaz qılırlar.
Quba məscidi həm də Muhəmməd peyğəmbərin bəzən Məscidün Nəbəvidən yeriyərək getdiyi və namaz qıldığı yer kimi də tanınır.
Avstraliyada yaşayan Rheobatrachus Silus qurbağa növünün dişisi dölləndikdən sonra öz yumurtalarını udur. Yumurtalardan çıxan balalar mədədə qaldıqları 6 həftə boyunca tədricən böyüyür. Doğum zamanı balalar ananın genələn yemək borusundan keçir və ağzından çıxırlar.
Rheobatrachus Silus növündən olan qurbağaların bu qeyri-adi çoxalma üsulu, təkamül nəzəriyyəsini aşkar şəkildə etibarsız edir. Çünki bu çoxalma sistemi, tamamilə "sadələşdiriləbilməz kompleks" xüsusiyyətə malikdir. Sistemin mükəmməl olməsı və dolayısilə qurbağanın çoxalması üçün bütün mərhələlərin qüsursuz olması lazımdır. Ananın yumurtaları uda biləcək və 6 həftə boyunca başqa heç bir şey yeməməsini təmin edəcək instinktə sahib olması zəruridir. Yumurtalar da mədə turşularını təsirsiz hala gətirən maye ifraz etməlidir. Bundan başqa, yumurtalara balaların 6 həftə boyunca bəslənməsini təmin edəcək böyük bir yumurta sarısı təbəqəsi əlavə olunması və ya doğum anında ananın yemək borusunun genişləməsi də vacib şərtdir. Bunların hamısı eyni anda reallaşmazsa, çoxalma reallaşmayacaq və qurbağanın nəsli kəsiləcək. Allah hər bir canlını nəslini artıracaq xüsusiyyətdə və instinktdə yaradıb.
Şri-Lankadakı müsəlmanlar ilk Qurani-Kərim tərcümələrilə bağlı tədbirlər keçirdi. Adada min ildən artıq yaşayan müsəlmanların Quran tərcümələri yox idi.
Şri-Lankadakı müsəlmanlar paytaxt Kolombodakı Beynəlxalq Bhandarnaike Salonunda Qurani-Kərimin ilk dəfə Seylon dilinə tərcümə və təfsir edilməsini qeyd etdilər.
Tədbirlərdə Şri-Lankadakı İslami qrupun rəhbəri Rəşid Hacc əl-Əkbər, Şri-Lankanın rəhbəri De mo Jayaratna, bir qrup nazir, parlament üzvü, İslam ölkələrindən olan diplomatlar, dini liderlər, alimlər və izdihamlı insan kütləsi iştirak etdi.
Şri-Lanka rəhbəri bu günün tarixi bir gün olduğunu qeyd edərək tərcümədən sonra xalqın Qurani-Kərimi oxuyub başa düşəcəyini bildirdi. Həmçinin Seylon xalqının İslamı başa düşmələri üçün aralarında qarşılıqlı yardımlaşmalarını tövsiyə etdi.
Şri-Lankadakı Kelaniya Universitetinin Sosial Elmlər Şöbəsinin müəllimi Prof. Jayantha Skenioaratna bu tərcümənin əhəmiyyəti haqqında belə dedi: “Bu adanın üstün cəhətlərindən biri, burada müxtəlif dindən olan insanların olmasıdır. Bu tərcümə Seylon xalqı arasında Qurani-Kərimin mənasının aydın olması üçün qapı açmışdır.
Məlum olduğu kimi Şri-Lanka əhalisinin 70 faizini Seylon xalqı təşkil edir. İnsanların əksəriyyəti bütpərəstdir. Müsəlmanların min ildən artıq bu adada yaşamalarına baxmayaraq, Qurani-Kərimin öz dillərinə tərcümə və təfsiri yox idi. Bu vəziyyət isə Seylon xalqının Quranı, onun ismarışını və üsulunu bilməmələrinə və müsəlmanlara qarşı nifrət bəsləmələrinə səbəb olub.
Ölkədəki İslami qrup bu vəziyyətin ciddiliyini dərk etdikdə qrupun keçmiş rəhbəri və Küveytdəki Beynəlxalq İslami Gənclik Lobbisi və Xeyriyyə Təşkilatının qurucu üzvü Şeyx İbrahim Həsən Ləbiyə Qurani-Kərimi tərcümə etmək vəzifəsi vermişdi.
“Həzrət” sözü ərəb dilindəki «hadara» feilindən törəmiş bir kəlmədir. «Bir yerdə olmaq, gəlmək, iştirak etmək, yaxında yanında qarşıda olmaq, hazır olmaq» mənalarına gəlir. Dilimizdəki “Hazır” sözü də buradan gəlməkdədir. Dini termin olaraq “Həzrət” sözünü ilk dəfə təsəvvuf əhli (sufilər) istifadə etməyə başlayıblar.
Belə ki, Allahın sifətlərinin zühuru, təcəllisi (üzə çıxması, əlamətlərinin görsənməsi) haqqında bu kəlimə (həzrət) işlədilib.
Sufilərin aləmlərin meydana gəlməsi teoriyasını açıqladığına görə varlıqlar Allahdan zühur etməklə Ondan dərəcə-dərəcə uzaqlaşaraq aşağıya doğru enərlər. Bunu “tənəzzülət” adlandırırlar. Allaha yüksəlmək istəyən bir yolçu (salik) eyni yolla bu tənəzzüləti mərtəbə-mərtəbə qalxmaq məcburiyyətindədir. Bu çıxışlara da həzrətlər (hazarat) deyilir. Bu yolçulara isə həzrət deyilir. Çünki həzrət hər ayaq basdığı pilləkəndə hazır vəziyyətdə olur, altdakı bir mərtəbə uzaqda, hədəfə də yaxınlaşmış olur.
Bilinməyən şeylərin bilinməsi, görünməyən şeylərin görünməsi bir sözlə bu vaxta qədər gizli qeyb olan şeylərin hazır hala gəldiyi bu mərətbələrə də «həzrət» deyilib. Sufilərə görə bir yolçu bu həzrətlərdən (mərtəbələrdən) nə qədər çox qət edərsə, o qədər yüksəlir, müqəddəsləşir. Bu səbəbdən sufilərdə vəli və şeyx hesab etdiklərinin adlarından əvvəl «həzrət» sözü işlədiblər. Məsələn, Həzrəti Mövlanə, Həzrəti Abdulqadir və s. Bunlara həzrət deyilməsində məqsəd bir çox məqamı (həzrətləri) ən yüksək həzrətə, Allahın hüzuruna və müqəddəslik qazanan şəxsiyyət olmasında olduğuna inanırlar.
Yenə Şimali Afrika sufi təriqətləri arasında zikir məclislərinə də “hazra” adı verilir. Bunun səbəbi qulun bu kimi zikir məclislərində ən ülvi hallar içində ən müqəddəs məqama (ilahi hüzura) çıxdığına inanması dayanır.
Sonralar təsəvvufçülərdən olan Muhyiddin əl-Arabinin ortaya qoyduğu «həzrət teoriyası» yavaş-yavaş təsəvvuf termini olmağı aşaraq siyasi və dinin digər sahələrini də geniş təsir edib. Nəticədə bu termin (həzrət) sufi olmayan din və siyasi dövlət xadimləri haqqında da işlədilib. Həmçinin bu söz geniş vüsət alaraq ərəb dilindən başqa fars və türk dillərində də yayılıb. Bu termin daha sonralar Peyğəmbərlər (Həzrəti Nuh), səhabələr (Həzrəti Osman), mələklər (Həzrəti Cəbrayıl) həmçinin dövlət başçıları, siyasi xadimlər haqqında da cənabla bərabər işlənir. Amma ərəblərdə həzrət yerinə əsasən “seyyid” sözü işlənir (seyyidinə Nuh, seyyidinə Osman).
Türkiyənin Osmaniyyə rayonunun Qədirli bölgəsində yaşayan 100 yaşlı Mehmet Kurtgöz Dini İşlər İdarəsinin təşkil etdiyi umrə ziyarətinə getdi.
Bir əsrlik həyatında nəvəsinin nəvəsini görən və əvvəllər də həcc ziyarətinə gedən Kurtgöz bu dəfə təkbaşına umrə ibadəti üçün müqəddəs torpaqlara getməyin həyəcanını yaşadı. Adana Hava Limanında ən büyük nəvəsi 46 yaşlı Adəm Tahta tərəfindən dualarla yola salınan Mehmet Kurtgöz Allahın belə bir hissi bütün inananlara nəsib etməsini dilədi. Yaşının çox olmasına baxmayaraq, bütün ehtiyaclarını ödəməsi və sağlam olması ilə diqqəti cəlb edən, 5 oğlan uşağı və 27 nəvəsi olan Kurtgöz dedi: "Əvvəl də həyat yoldaşım və özüm üçün həcc fərzini həyata keçirmək üçün müqəddəs torpaqlara getdim. Artıq o yerləri tanıyıram. Heç kimə ehtiyac hiss etmədən təkbaşıma getməyə gücüm çatar. Peyğəmbərin yurduna gedirəm. Çox həyəcanlıyam və çox sevinirəm."
Belə dinc qalmasını çox yeriməsilə əlaqələndirən Kurtgöz, həyatının necə tez keçməsindən bəhs etdi. Beş vaxt namazlarını məsciddə ayaq üstdə qıldığını ifadə edən Mehmet Kurtgöz fikrini belə bildirdi: "Bəzən yeməklərimi özüm hazırlayıram, bəzən də gəlinlərimin evinə gedirəm. Nəqliyyat vasitələrilə getməyi sevmirəm. Yay aylarını qohumlarımın yanına getməklə keçirirəm."
Peyğəmbərimiz Hz. Muhəmmədin (sallallahu aleyhi va səlləm) məscidində iki rükət namaz qılacağını və istəyənlərin salamını çatdıracağını bildirən Kurtgöz yaylalarda yemək-içməyinə diqqət etdiyini dedi.
Kurtgözü səfərə yola salmağa gələn ən böyük nəvəsi Adəm Tahta insanların, onun babasının enerjisinə təəccübləndiyini qeyd etdi. Kurtgözün namaz qılmaq üçün daim məscidə getdiyini xatırladan Tahta dedi: "Biz də babamızın bu sakitliyi və sağlamlığı haradan alması ilə maraqlanırıq. Səkkiz il əvvəl həyat yoldaşı Hüsnəni itirdi. İndi tək yaşayır. Lakin Övliya Çələbi kimi Türkiyənin hər yerində oğullarına və nəvələrinə baş çəkir. Bu gün mənə zəng edib umrəyə gedəcəyini bildirdi. Onu qarşıladım. Onun belə qıvraq qalması çox yeriməsinə görədir. Allah ona uzun ömür və cansağlığı versin. Umrədə bizim üçün də dua etməsini bildirdim."
ANS TV-nin «İradə İsaqla XƏBƏRİN İZİNDƏ» verilişinin 30 yanvar 2012-ci il buraxılışı «Selektiv abortlar» mövzusuna həsr olunub. Verilişdə əsasən oğlan uşağının «sifariş» verilməsindən, bu səbəblə qızlarının ana bətnində məhv edilməsindən bəhs edilib. Verilişin yeganə kişi qonağı olan ilahiyyatçı Elşad Miri İslamın aborta olan münasibətini qeyd edərək bunun haram olduğunu əsaslandırıb.
İslamın abortu qadağan etməsi ilə bağlı Elşad Mirinin «İslam abortu qadağan edirmi?» sərlövhəli məqaləsini oxumağınızı tövsiyə edirik. Məqaləni yazının üzərinə toxunaraq açılan səhifədən oxuya bilərsiniz.
Dubayda dünyanın ən hündür binası olan «Bürc Xəlifə»nin ən yüksək mərtəbələrilə bağlı fətva verilib. 80-ci mərtəbədən sonra Günəş gec batdığına görə 2 dəqiqə, 150-ci mərtəbədən sonra isə 3 dəqiqə gec iftar ediləcək.
Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində tikintisi başa çatdırılan 828 metr hündürlüyündə və 160 mərtəbəli «Bürc Xəlifə»nin yuxarı mərtəbələrində yaşayanlar aşağı mərtəbələrdə yaşayanlardan gec iftar edəcəklər. Dubay müftisi Muhəmməd əl-Qubaysinin sözlərinə görə 80-ci mərtəbə və ondan yuxarıda yaşayanlar oruclarını Dubay üçün müəyyən edilən iftar vaxtından 2 dəqiqə gec açmalı, 150-ci mərtəbədən yuxarıda yaşayanlar isə iftar süfrəsinə 3 dəqiqə gec əyləşməlidirlər. Qubaysinin fikrincə, hündür mərtəbələrdə yaşayanlar Günəşi daha uzun müddət görürlər. Müfti, gec iftar etmənin təyyarə ilə səyahət edənlərə və dağlıq yerlərdə yaşayanlara da aid olduğunu bildirib.
Roma Papansının İspaniyaya sabah başlayacaq səfəri Madrid hökumətinə baha başa gələcək. İspaniya kilsələrinin rahibləri maliyyə böhranı yaşayan ölkədə bunun qəbul edilməz olduğunu söyləyərək üsyana qalxdılar.
XVI Benediktin sabah "Dünya Gənclik Günü" münasibətilə Madridə edəcəyi səfərin xərcləri ölkədə skandal yaradıb. İspaniyanın iqtisadi böhranla çarpışdığı, gənclərin işsizlik üzündən meydanlara axışdığı bir dövrdə təxminən 72 milyon dollara başa gələcəyi gözlənilən səfərin ispanlar tərəfindən ödəniləcəyinə etiraz edən 120 rahib, Papanın gəlişinin əleyhinə imza kampaniyasına başlayıblar.
Rahiblər eyni zamanda, Papanın səfər xərclərinin dövlət tərəfindən ödənilməsinin ölkənin dünyəvilik prinsipinə zidd olduğunu söyləyirlər. Papanın səfər xərclərinin İspaniya hökuməti tərəfindən ödənilməsinə etiraz edən din xadimlərinin başında dayanan rahib Eubilio Rodriguez deyib ki, bu qədər bahalı səfər kilsəni də gözdən salır. Eyni zamanda, ispaniyalı gənclərin də bu gün Papanın səfərinə etiraz olaraq nümayiş təşkil edəcəkləri gözlənilir.
Təxminən 1 milyon katolikin qatıldığı “Dünya Gənclik Günü” hər üç ildən bir, müxtəlif ölkədə təşkil edilir.
“Oruc”" sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Ərəb dilində “səum”" kəlməsilə ifadə edilir. Oruc - oruc tutması vacib olan insanların dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalarına deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.
Beş əsasdan biri
Ramazan orucu hicrətin ikinci ilinin şaban ayında, qiblənin Kəbə istiqamətinə çevrilməsindən 1,5 il sonra müsəlmanlara əmr edildi. Peyğəmbərimiz (s) və müsəlmanlar əvvəllərlər də oruc tuturdular. Allahın əmri bu ayələrlə gəldi və müsəlmanlara bir ay müddətində oruc tutmaq fərz qılındı: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız” (“Bəqərə” surəsi, 2/183); “Sizlərdən Ramazan ayını görən o gün oruc tutsun!” (“Bəqərə” surəsi, 2/185).
Peyğəmbərimiz Ramazan orucunun fərz olduğunu aşağıdakı hədisində bildirib: “İslam beş əsas üzərinə qurulub: 1.Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şahidlik gətirmək; 2.Namaz qılmaq; 3.Zəkat vermək; 4.Ramazan orucunu tutmaq; 5.Həccə getmək”".
Toxun acdan xəbəri olsun!
Bu müqəddəs ayda oruc tutan müsəlmanlar nizamlı ordunu xatırladır. Oruc tutan hər bir şəxs axşam yeməyi olan iftarın vaxtı çatmamış əlini yeməyə uzatmır. Orucu açmaq vaxtı tamam olanda isə şükr edərək, oruc ibadətini bitirmiş olur.
Nemətlər şükür istəyir. Qurani-Kərimin bir çox ayəsində insanların az şükür etdiyi bildirilir. Əsasən də “Rəhman”" surəsində “Rəbbinizin hansı nemətini yalan sayıb inkar edirsiniz?” ayəsi 31 dəfə təkrar edilərək bu məsələyə diqqətlə yanaşmağımız tövsiyə edilir. Ramazan ayındakı oruc isə həqiqi, səmimi şükrün açarıdır. Çünki başqa vaxtlarda məcburiyyət altında olmayan insanların əksəriyyəti həqiqi aclıq hiss etmədikləri üçün nemətlərin qiymətini, bir tikə quru çörəyin dəyərini dərk edə bilməzlər. Halbuki iftar vaxtı quru çörəyin çox qiymətli ilahi nemət olduğuna oruclu insan şahiddir. Ən üst təbəqədən ən aşağı təbəqəyə qədər hər kəs orucluqda Allahın nemətinin qiymətini çox gözəl anlayır.
Oruc tutan adam özünü yemək yeməkdən saxlamaq üçün “Bu nemətlər mənim mülküm deyil. İstədiyim kimi, istədiyim vaxt bunları yeyə bilmərəm. Bunlar Allahın bizə bəxş etdiyi ehsandır. Onun əmrini gözləməliyəm”", - deyər. Oruc bu yönü ilə də insanın əsl vəzifəsi olan şükrün açarıdır.
İctimai həyata nəzər salsaq, insanların maddi yöndən fərqli olduqlarını görərik. Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Sözlə başa salmağın mümkün olmadığına görə, toxun acın halını bilməsi üçün ancaq ac qalaraq, həmin vəziyyəti özünün dərk etməsi məqsədə uyğundur. Aclığın ən uyğun forması isə orucdur.
Oruc tutmaq sağlamlıqdır
Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Həkimlər reseptlə birlikdə xəstənin nə yeyib-içəcəyini, nə vaxt və nə qədər qidalanacağını bildirirlər; demək ki, müasir tibb xəstəliklərin qidalanmaqla əlaqəli olduğunu qəbul edir. Peyğəmbərimizin “Oruc tutun, sağlam olun”" hədisini tibb elmi “oruc tutun, rahat olun"” şəklində ifadə edir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur.
Saçımızı kəsdirərək sağlam saçın çıxmasına, qan aldıraraq yeni qanın gəlməsinə vasitəçi olduğumuz kimi, oruc tutaraq da sağlam və gümrah bir vücuda sahib oluruq. Çünki oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayaraq, dəliqanlılıq dövründə olan cavanları doğru istiqamətə yönəldir, ruhun azadlığını, inkişafını təmin edir. Amma bilmək lazımdır ki, hər kim sağlamlıq üçün oruc tutarsa, orucu məqbul olmaz. Oruc Allahın əmri olduğu üçün tutulmalıdır. Sağlamlığı verən isə Allahdır.
Oruc tutub kökələnlər də olur
Peyğəmbərimiz savaşa gedənlərə oruc tutmağı tövsiyə edərdi. Ancaq bəzi vücudu zəif olanlar oruca tab gətirə bilmirdilər. Bunları nəzərə alan rəhmət peyğəmbəri döyüşdə oruca dözə bilməyənlərə orucu pozmalarını əmr edirdi. Oruc ayı olan Ramazanda vücud zəifləyir. Amma bütün günü yüngül bir vücudla fəaliyyət göstərən insan gecə rahat istirahət edir. İyirmi dörd saat içində biri səhər, biri də axşam olmaq üzrə iki dəfə qidalanmaq bədənin fəaliyyətinə kifayət edir. Oruc tutan bəzi şəxslərdə görülən zəiflik orucdan yox, onların yuxusuzluğundan və istirahət saatlarının azalmasından meydana gəlir. Bəzilərisə oruclu olmalarından asılı olmayaraq, bu ayda kökəlməyə başlayırlar. Buna səbəb də həzm sistemlərinin rahat və sakit olaraq işləməsi, iştahın daha da çoxalmasıdır.
Pəhriz oruc tutmaq deyil
Orucun şərtlərindən biri də niyyətdir. Orucluqda niyyət etmək isə “bu işim düzəlsin, oruc tutaram” demək deyil. Əksinə, Allahın mərhəmətini qazanmaq məqsədilə “Allah rizası üçün oruc tutmağa niyyət etdim”" deməkdir. Niyyət bir işin nə vaxt, nə məqsədlə ediləcəyini əvvəlcədən bilib, planlaşdırmaq, yəni şüşurlu olaraq, yerinə yetirməkdir. Buna görə də, təsadüfən pəhriz üçün ac qalmaq oruc sayılmır. Oruc insan iradəsinin tərbiyəsilə əlaqədar bir ibadətdir. Nəfsimizin ipini əlimizə verib onu itaətkar hala gətirən bənzərsiz tərbiyə üsulu orucdur. Ətrafımız iştahamızı açan, hisslərimizi qabardan müxtəlif nemətlərlə doludur. Oruc tutmaqla Allah rizası üçün onlara əl uzatmamağa söz verir, yeməyimizi, içməyimizi və başqa arzularımızı müəyyən vaxt ərzində saxlayaraq, bədən üzvlərimizi sanki bir aylıq “məzuniyyətə" göndəririk. Belə hərəkətlə heyvani iştahamıza qalib gəlib, sanki mələk olmağa, hətta mələkləri keçməyə tərəf ilk addım atmış olur və bunları bilərək, istəyərək, niyyət edərək, həyata keçirməyə çalışır, iradəmizi qüvvətləndirir, Allahın xoşladığı hal və hərəkətlərlə ruhumuzu nurlandırırıq. Oruc böyük əxlaq məktəbidir. Müsəlman bu məktəbdə hər tərəfli tərbiyə alır.
Oruc beyni gücləndirir
İnsanı ən çox heyrətə salan bədən üzvü beyindir. Beyin hüceyrələri vücudun ən həssas və ən təşkilatlı məxluqlarıdır. Cənabi Haqq onlara başqa hüceyrələrdən daha çox fəaliyyət gücü verib, çünki onlar başqalarından bir neçə dəfə artıq fəaliyyət göstərdiklərinə görə, qana daha çox ehtiyac hiss edirlər.
Beynin həcmi və çəkisi kiçik olsa da, qana daha çox ehtiyacı var. Beyin bədəndəki qanın dörddə birini qəbul edir. O, çox yorulanda ağır iş görmüş kimi yoruluruq. İnsan beynində fikirləşməyə səbəb olan hüceyrələrin sayı dünyadakı insanların ümumi sayından çoxdur. Beyinə gedən qan nə qədər çox olarsa, düşünmə qabiliyyəti də bir o qədər artar. Əksinə olanda isə tənbəllik və yorğunluq başlayır. Beynin nizamlı işləməsində, qanın lazım olan miqdarda sərf edilməsində orucun müstəsna rolu var. Minlərlə mənbə kitablarının əksəriyyəti Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılıb.
Oruclu adam cəsarətli olur
İmtahana girən tələbələr üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da müsbət yönləri var. Hamının bildiyi həqiqətdir ki, yarışlar, məhkəmələr, imtahanlar, müharibə anındakı qəfil hücumlar və s. nəticəsində meydana gələn həyəcanlar və qorxular ruhi dəyişikliklərə, şoklara gətirib çıxarır. Gözə qanın sızması, titrəmələrin meydana gəlməsi, dil tutulmalarının səbəbi də qəfil meydana gələn olaylardır. Hətta belə hadisələr şəkər xəstəliyinə də yol açır. Bu kimi xəstələrə düçar olmamaq, mənfi psixi vəziyyətlərə düşməmək üçün psixoloqların məsləhəti də “ac qarına"”, yəni oruclu olmaqdır. Çünki tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib. İslam ordularının özlərindən dəfələrlə güclü rəqiblərinə qalib gəlməsinin, ən yüksək zirvə olan şahidliyə çatmaq arzusunun başlıca səbəbi həm də oruclu olmaları idi.
“Evlənə bilməyən oruc tutsun”
Oruc mənfi hisslərin qarşısını almaqda da bənzərsizdir. Çox yemək qandakı cinsi hormonların səviyyəsini çoxaldır. Oruc isə bu hissləri azaldaraq insanın yüksəlmə şüurunu artırır. Orucun həddindən artıq cinsi hisslərə təsirini Allahın elçisi belə buyurur: “Evlənməyə imkanı olan cavanlar tez evlənsinlər. Evlənə bilməyənlər də oruc tutsun! Çünki oruc qoruyucu qalxandır”. Sağlamlığını, namusunu, qeyrətini, şərəfini qorumaq, cinsi istəklərini cilovlamaq üçün Peyğəmbərin cavanlara bu tövsiyəsinin nə qədər əhəmiyyətli və yerində olduğunu müasir elm də təsdiq edir.
Azərbaycan mediasına yeni dini-ictimai jurnal daxil olur.
Bu jurnal insanları dini maarifləndirməyə dəvət etdiyi üçün «Dəvət» adlanır! Ramazan ayının gəlişi ilə birlikdə yeni dini-ictimai jurnal oxucuların ixtiyarına verilir. «Dəvət» dini-ictimai jurnalı aylıq olaraq nəşr olunacaq. İlk sayı ramazan və avqust aylarının 1-ci günü oxucuların ixtiyarına veriləcək. Bu jurnal 84 səhifəlik, tam rəngli, nəfis tərtibatda oxuculara təqdim olunur!
Qeyd edək ki, «Dəvət» jurnalının təsisçisi və Baş redaktoru ilahiyyatçı Elşad Miridir!
Jurnalın nəşr edilməsinin əsas səbəbi dini sahədəki boşluqdur! «Dəvət» insanlara mövhumatdan, xurafat uzaq olan İslamı tanıdacaq. Dinlər haqqında məlumat verəcək.
«Dəvət»in ilk sayısı Ramazan ayında işıq üzü gördüyü üçün jurnalın əksər mövzuları Ramazana həsr olunub!
“Dəvət”in bu sayında kəlmeyi-şəhadət, dinlərdə oruc, Ramazan ayının başlaması, oruc bədənin məzuniyyətidir, Ramazan Allahın ayıdır, Quran necə oxunmalıdır, Quranın ilk surəsinin təfsiri, Xurma və faydaları, Ramazan ayının cədvəli, Peyğəmbər necə oruc tuturdu?, Peyğəmbərin (s) səhabələrinin ramazan orucu, Ramazan orucunun fəziləti, şərtləri, kimlər oruc tuta bilər, Oruc tutmağın ədəbləri, orucu nələr pozur, oruc tutan adamın nələri edə bilər, hamilə və südverən qadının necə oruc tutmalıdır, Oruc tuta bilməyənlər nə etməlidir, Allaha borc verənlər kimlərdir, Qədr gecəsi, fitrə sədəqəsi və sair kimi bir-birindən maraqlı, əsaslandırılmış yazıları oxuyacaqsınız.
“Həzrət” sözü ərəb dilindəki «hadara» feilindən törəmiş bir kəlmədir. «Bir yerdə olmaq, gəlmək, iştirak etmək, yaxında yanında qarşıda olmaq, hazır olmaq» mənalarına gəlir. Dilimizdəki “Hazır” sözü də buradan gəlməkdədir. Dini termin olaraq “Həzrət” sözünü ilk dəfə təsəvvuf əhli (sufilər) istifadə etməyə başlayıblar.
Türkiyənin Osmaniyyə rayonunun Qədirli bölgəsində yaşayan 100 yaşlı Mehmet Kurtgöz Dini İşlər İdarəsinin təşkil etdiyi umrə ziyarətinə getdi. Bir əsrlik həyatında nəvəsinin nəvəsini görən və əvvəllər də həcc ziyarətinə gedən Kurtgöz bu dəfə təkbaşına umrə ibadəti üçün müqəddəs torpaqlara getməyin həyəcanını yaşadı.